12-13 sentyabr “Qətiyyətli cavab” əməliyyatından sonra Ermənistanın və dünyanın bəzi maraqlı dövlət nümayəndələrinin yaratdığı hay-küy Azərbaycan Prezidentinin Laçına səfəri ilə suya düşdü. Ordumuzun “Qətiyyətli cavab” əməliyyatından sonra ölkə başçısının Laçında Ermənistanın ölkəmizə qarşı təcavüzü, beynəlxalq təşkilatların bu işğalçı siyasətə qarşı susqunluğu, nəhayət II Qarabağ savaşından sonra Azərbaycanın bütün sahələr üzrə öz sözünü qətiyyətlə deməsi ilə bağlı etdiyi çıxışlar və növbəti dəfə Ermənistanın sülhə dəvət edilməsi ölkəmizə qarşı qışqıranların ağzından vurulan sillə oldu. Eləcə də sərhəd boyu əldə olunan mövqelərin istənilən erməni təxribatını qabaqcadan görməyə və önləməyə imkan verməsi – bunun Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərin həm hərbi üstünlük verməsi, həm böyük əraziyə, o cümlədən önəmli kommunikasiya xətlərinə vizual nəzarət imkanı yaratması və sair amillər bir daha vurğulandı
Azad Vətən Uğrunda Partiyasının sədri Akif Nağı hafta.az-a açıqlamasında Prezidentin Laçından verdiyi mesajları dəyərləndirib.
A.Nağı hesab edir ki, Prezidentin Laçın səfəri mühüm əhəmiyyətə malikdir. O, bu səfərdə Prezidentin işğaldan sonra Azərbaycanın apardığı abadlıq bərpa işlərinə diqqət çəkib.
“Prezidentin bu çıxışında Murovdan Laçına qədər tunellərin və digər yol infrastrukturunun yenilənməsinin vacibliyi dünya birliyinin diqqətinə bir daha çatdırıldı. Bu gün müəyyən qüvvələr var ki, hələ də həmin ərazilərlə bağlı başqa fikirlər, başqa bir proses ortaya qoymaq istəyirlər”.
Partiya sədri hesab edir ki, belə bir məqamda Azərbaycan qətiyyən öz mövqeyindən geri çəkilməməlidir.
“Bu çox vacib məsələdir və biz də Azad Vətən Partiyası olaraq bu istiqamətdə özümüzün qəti mövqeyimizi ortaya qoyuruq. Azərbaycan hakimiyyəti bir addım da gedi çəkilməməli, davamlı şəkildə qarşıya qoyduğu məqsədlərə doğru cızılan xətt üzrə getməlidir. Əgər o xətt həyat keçirilməsə Azərbycanın maraqlarına çox cidi təhlükələr yarana bilər”.
A.Nağı bildirib ki, Prezident Laçında sərhədlərin delimitasiya və demorkasiyası ilə bağlı ciddi nüanslara toxunmaqla, Ermənistanı real addımlar atmağa dəvət etdi. Prezident delimitasiya ilə bağlı Azərbaycanın qəti mövqeyini açıqladı.
«Prezident Laçında fərqli illərin xəritələrinin hazırlandığını və hətta 19-cu əsrin xəritələrinə istinad etdi. Bildirdi ki, əks tərəflə bu mövedən çıxış edib bu xəritələr əsasında danışıqlar və razılaşmalar olmalıdır. Bu, hesab edirəm ki, Azərbaycanın düzgün mövqeyidir. Eyni zamanda burda Ermənistana bir təzyiq forması da ifadə olundu: deyildi ki, nə qədər delimitasiyanın vaxtını uzatsanız, o qədər də demorkasiya ilə bağlı razılıq əldə olunmayacaq. Nə qədər ki, sərhəd yoxdur, Azərbaycan Şərqi Zəngəzurdan Qərbi Zəngəzura doğru addımlayacaq. Azərbaycan lideri həm tarixi, həm də real xəritələrə söykənərək öz mövqelərini möhkəmləndirdi. Prezident də dedi ki, əgər bizi nədəsə ittiham edirlərsə, gəlib göstərsinlər görüm, hardadır o razılaşdırılmış sərhəd...”
A.Nağı Azərbaycan prezidentinin burda beynəlxalq hüquqa da istinad etdiyini önə çəkib. Onun sözlərinə görə, Azərbaycanın bu münasibəti KTMT tərəfindən də təhlil olundu.
“KTMT-nin ilk açıqlaması bu oldu: Ermənistanın orada sərhədləri görünmədiyi üçün təşkilat da öz nizamnaməsinə uyğun addım ata bilmir. Bir sözlə, proses addım-addım irəliləyir və ümummilli məsələlər həm açıqlamalarda, həm hərəkətdə özünü göstərir”.